İrandakı müharibə turizm sektorunda durğunluq yaradır

14:17 - 11.03.2026


11 mart, Fineko/abc.az. (Özəl Xəbər) İran ətrafında baş verən proseslər və Yaxın Şərqdəki qarışıqlıq bir sıra sahələrə mənfi təsirini göstərməkdədir. Sözügedən sahələrdən biri də turizm sektorudur. Belə ki, tuirzm sektorunda kəskin azalmalar müşahidə olunur. Qarşıdan Ramazan və Novruz bayramı gəlir. Əslində, müharibədən əvvəlki illərdə bayramlarla əlaqədar qonşu ölkələrdən Azərbaycana kifayət qədər turist səfər edirdi. Bəs görəsən, müharibə fonunda bu il necə olacaq?

Turizm ekspert Ceyhun Aşurov ABC.AZ-a bildirib ki, təbii ki, regionda müharibənin olması ölkəmizə gəlmək istəyənlər üçün çətinlik yaradıb.

Müharibənin uzanmasını qarşıdakı dövrlərdə turizm sektoruna daha da mənfi təsir edəcəyini düşünən ekspert hesab edir ki, münaqişə dövründə insanlar səfərlərini təhlükəsizliklə əlaqədar təxirə salır:

"Azərbaycanın cənub qonşusunda, İran-İsrail arasında müharibənin baş verməsi, intensivləşməsi və daha geniş coğrafiyaya yayılması, əlbəttə ki, hava məkanının bağlı olmasını bu sahəyə çox mənfi təsir edir. Müharibə başlayan dövrdən bu istiqamətdə gediş-gəliş demək olar ki, dayandı və müharibə təəssüflər olsun ki, hələ də davam edir. Bu həm ölkədən, yəni Azərbaycandan xaricə gedənlərə, eyni zamanda xaricdən, həmin ərazilərdən Azərbaycana gələn turistlərin sayında ciddi şəkildə azalmaya səbəb olub. Ümumiyyətlə, insanların belə bir vəziyyətlərdə, təhlükəsizliklə bağlı vəziyyətlərdə atdıqları ilk addım səfərlərin dayandırılmasıdır. Bu mənada gələnlərin sayında ümumi azalma var. 2025-ci ildə Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 2% azalmışdısa, bu il biz onun bərpasını gözləyirik. Hətta, yanvar ayında 5%-ə yaxın gələn turistlərin, gələn əcnəbilərin sayında artım oldu, amma fevral və martdan başlayaraq isə bu deyilən məsələlərlə əlaqədar olaraq yenə də biz durğunluğu müşahidə edirik. Xüsusən paytaxtdakı otellər bu durğunluğu daha çox hiss edir. Doluluq səviyyəsi ümumiyyətlə əvvəlki dövrlərlə müqayisədə 30-40% aşağı düşüb. Və ümid edirik ki, bu məsələlər öz həllini tapdıqdan sonra tədricən bazar bərpa olunacaq".

Müəllif: Elmir Muradov