Energetika sahəsi ilə bağlı 13 yeni dövlət standartı hazırlanıb

10:32 - 12.03.2026


12 mart, Fineko/abc.az. Azərbaycanda energetika sahəsi ilə bağlı 13 yeni dövlət standartının layihəsi hazırlanıb.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, qurumda "Elektroenergetika və bərpa olunan enerji" standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında iclası keçirilib.

Texniki Komitənin katibi Arif Nəzərov son illərdə standartlaşdırma sahəsində qəbul olunmuş hüquqi aktların energetikada da yeni standartların hazırlanmasını zəruri etdiyini bildirib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) və Texniki Komitəyə üzv olan qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda nazirlik yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) IEC 62933-2-1 standartı layihəsinin yekun variantına dair rəy və təkliflər müzakirə edilib.

İclasda, həmçinin terminologiyanın milliləşdirilməsinin Azərbaycan elektroenergetika sahəsi üçün əhəmiyyəti vurğulanıb.

Sonda irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla energetika sahəsinə aid 13 standart layihəsinin təsdiq edilərək AZSTAND-a təqdim edilməsi razılaşdırılıb.