Bu ölkənin alimləri daha möhkəm alüminium ərintisi yaradıblar

17:05 - 12.03.2026


12 mart, Fineko/abc.az. Rusiyanın Milli Tədqiqat Texnoloji Universitetinin alimləri möhkəmlik və plastikliyinə görə sənayedə istifadə olunan analoqları üstələyən yeni alüminium ərintisi hazırlayıblar.

ABC.AZ xəbər verir ki, universitetin məlumatına görə, az miqdarda qalayın əlavə edilməsi metalın daxilində çox xırda mis hissəciklərinin formalaşmasına imkan verir. Bu isə bahalı və ya zəhərli əlavələrdən istifadə etmədən möhkəmlik və axıcılıq həddini 30–40% artırır.

Yeni material Rusiyanın 1201 ərintisini və ABŞ-ın Alcoa 2219 materialını xüsusiyyətlərinə görə geridə qoyur. Onun aerokosmik sənayedə, nəqliyyat maşınqayırmasında və yüksək yüklənməyə məruz qalan detalların istehsalında tətbiqi planlaşdırılır. Texnologiya mövcud sənaye avadanlıqları ilə uyğun olduğundan bahalı modernləşdirmə tələb etmir.