16:54 - 16.03.2026
16 mart, Fineko/abc.az Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi” çərçivəsində satınalma prosedurlarına start verib və layihə üzrə beynəlxalq tender elan olunub.
ABC.AZ AİB-ə istinadən xəbər verir ki, layihə "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas fəaliyyət proseslərinin rəqəmsallaşdırılmasını nəzərdə tutur və 47 milyon ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdirilir. Maliyyələşmə AİB-in 4497-AZE nömrəli krediti çərçivəsində ayrılıb.
Layihənin əsas məqsədi dəmir yolu sektorunda idarəetmənin və əməliyyatların səmərəliliyinin artırılmasıdır. Bu çərçivədə dəmir yolu daşımalarının idarə edilməsi, aktivlərin idarə olunması, investisiyaların planlaşdırılması və idarə edilməsi, yük müştəriləri ilə iş sistemi, eləcə də korporativ funksiyaların rəqəmsallaşdırılması planlaşdırılır.
Layihə nəticəsində məlumatların idarə olunmasının təkmilləşdirilməsi, aktivlərin optimallaşdırılmış idarə edilməsi, dəmir yolu əməliyyatlarının ümumi səmərəliliyinin artırılması, xərclərin azaldılması, dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi və əmək məhsuldarlığının yüksəldilməsi gözlənilir.
Eyni zamanda, layihə çərçivəsində ADY-nin əsas biznes proseslərinin vahid idarəetmə məlumat sistemində tam inteqrasiyası həyata keçiriləcək, şirkətin əməkdaşlarının informasiya texnologiyaları sahəsində bacarıqları artırılacaq.
Məlumata görə, layihə ölkə üzrə həyata keçiriləcək və əsas məqsədlərdən biri Azərbaycanda dəmir yolu sektorunun dayanıqlı inkişafını təmin etməkdir.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026