BANM-ın MBA tələbələri üçün BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli master-klass keçdi

15:09 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi  maraqlı biznes sessiyalar təşkil edir. Belə ki, MBA proqramını tələbələrə daha maraqlı etmək üçün dərslərdən başqa, xüsusi günlərdə cəmiyyətdə tanınmış və idarəetmədə xüsusi rolu olan rəhbər şəxslərlə görüş keçirilir. “Professional Business Talks” (Profesional biznes müzakirələri) adlı sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların  rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır. Biznes sessiyalar tələbələrlə səmimi ortamda, qeyri-formal təhsil olaraq aparılır.

Ali Məktəbin MBA proqramınının “Professional Business Talks” sessiyası üzrə növbəti qonağı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli olub. O tələbələrə “Enerji Geosiyasəti” mövzusunda master-klass keçib və bu sahə üzrə idaretmənin əsas prinsiplərindən danışıb. Vitse prezident master-klass boyu tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb. 

Qeyd edək ki, MBA proqramınının “Professionnal Business Talks” sessiyası üzrə ilk qonağı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov  olmuşdu. BANM-ın MBA tələbələrinin növbəti biznes sessiyasının qonağı isə İtaliyanın məşhur Maire Tecnimont şirkətinin rəhbəri Cianni Bardazzi olacağı gözlənilir.

BANM-da tədris edilən MBA proqramının müəllimləri də dövlət və özəl sektorlardan olan müəssisə və şirkətlərin rəhbər şəxsləridir.

 


Bütün xəbərlər