UNEC-də “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artıq

15:35 - 16.11.2017


UNEC-də 2017/2018-ci tədris ilindən yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradılır.

Həftə ərzində paytaxtın 10, 27, 83, 182 saylı məktəblərinin və Bakı Avropa Liseyinin X və XI sinif şagirdləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər. Şagirdlərin əksəriyyəti maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı biznesin idarəedilməsi, menecment ixtisaslarına maraq göstəriblər.

“Bir günlük tələbə”lərə şərti tələbə bileti təqdim olunub. “Tələbə bileti” dərslərdə iştirak etməyə, kitabxana və yeməkxanadan istifadə etməyə icazə verir. “Bir günlük tələbə”lərə gələcəkdə ixtisas seçimində çətinlik çəkməmələri üçün konsultasiya xidməti də göstərilib.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesinin ictimaiyyətə açıq keçirildiyini müsbət hal kimi qarşılayan şagirdlər “Bir günlük tələbə” olaraq imtahan sessiyasını da izləyə biləcəklərindən məmnun olublar. Onlar gələcəkdə UNEC-lə London Universiteti/London İqtisadiyyat Məktəbi və Montpellier Universiteti ilə bakalavrlar üçün olan ikili diplom proqramı, eləcə də Universitet Daxili İki Diplom (UDİD) proqramından faydalanmaq istədiklərini bildiriblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi  ilə əlaqə saxlaya bilərlər.

 

Bütün xəbərlər