Azərbaycanda hər 100 manat sığorta haqqına 44 manat ödəniş düşür

16:05 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cari ilin yanvar-oktyabr aylarında 462 milyon 653 min manat sığorta haqqı toplanmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata əsasən, hesabat dövrü ərzində şirkətlər tərəfindən həyata keçirilmiş ödənişlər  204 milyon 637 min manat təşkil edib.

“Bu ilin yanvar-oktyabr ayları ərzində toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta ödənişinə yönəldilib. Keçən ilin analoji dövründə bu göstərici 45 manat olub”, - məlumatda belə deyilir.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 99 min manat artaraq 307 milyon  302 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 15 milyon 222 min manat artaraq 158 milyon 900 min manata yüksəlib.

Ümumilikdə, sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.

Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.