Ekologiya və nəqliyyat işçiləri xəbərdarlıq edirlər: Sabah Bakıda güclü külək və yağış gözlənilir - ehtiyatlı olun!

15:57 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, sabahdan etibarən hava şəraitinin pisləşməsindən xəbərdarlıq edir.

Nazirliyin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində cənub-qərb küləyi əsəcək, axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq.

“Yanvarın 9-da bəzi yerlərdə yağış gözlənilir, gecə və yanvarın 10-u səhər saatlarında küləyin sürəti artacaq”, - nazirliyin məlumatında belə deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, 9 və 10 yanvar tarixlərində Azərbaycanın bəzi bölgələrində güclü, arabir güclənən külək proqnozlaşdırılır. Yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakı Nəqliyyat Agentliyi (BNA), öz növbəsində, hava şəraitinin pisləşməsi, xüsusilə də küləyin artması ilə əlaqədar olaraq sərnişinlərin avtobus pavilyon dayanacağında ehtiyatlı olmağa və piyada keçid qaydalarına riayət  etməyə çağırır. Sürücülərə yolun qaydalarına riayət etmək də, xüsusilə yolverilən sürəti aşmamaq tövsiyə olunur.

 

Bütün xəbərlər