Ekologiya və Təbii Sərvətlər Naziri Holcim Azərbaycan zavoduna səfər edib

14:17 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Dünya bazarında 180 illik təcrübəyə malik olan Holcim, təkcə sement istehsalı deyil, ətraf mühitin qorunması sahəsində bir sira önəmli addımlar atmışdır. Tətbiq olunan həllər ötən ilin noyabr ayında “9-cu Beynəlxalq Ətraf Mühit Sərgisi”ndə nümayiş edilmiş və sənaye tullantıların təkrar emalı sahəsində innovativ yanaşmalar  dövlət qurumları və aidiyyatı təşkilatlarda böyük maraq yaratmışdır.

Ekologiya və Təbii Sərvətlər Naziri və nazirliyin məsul şəxsləri tətbiq olunan texnologiyalar ilə əyani tanış olmaq üçün  9 yanvar 2019-cu il tarixində Holcim Azərbaycan ASC-nin Qaradağ sement zavoduna səfər etmişdir. Görüş zamanı  təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar və həllər barədə təqdimat keçirilmişdir. Məlumat verilmişdir ki, bu texnologiya təkcə LafargeHolcim qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur.

Ötən ilin oktyabr-dekabr aylarında neft tullantıları və yararsız təkərlərlə ilk sınaqlar həyata keçirilib və müstəqil laboratoriya tərəfindən müvafiq analizlər götürülmüşdür. Bu analiz nəticələrinə əsasən alternativ yanacağın (işlənmiş şin və neft şlamı) təkrar emalı zamanı emissiyalar qəbul edilmiş normalardan aşağı olmuşdur ki, bu layihənin ekoloji cəhətdən üstünlüyünü təzahür edir. Daha sonra Nazir və qonaqlar təkər və neft tullantılarının utilizasiyası üzrə aprılan sınaq prosesini müşahidə etdilər və  tətbiq olunan avadanlıqlar ilə zavod ərazisində əyanı tanış oldular. Şirkətin Baş Direktoru Fredric Guimbal beynəlxalq təcrübə ilə yanaşı bu prosesləri dünya standartlarına uyğun həyata keçirmək üçün peşəkar yerli kadrların olumasını xüsusi vurğuladı.

Sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim  ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunmuşdur.

Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

 

 


Bütün xəbərlər