Dövlət Agentliyinin sədri CEO Lunch Baku-nun fəxri qonağı olub

16:19 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev Caspian European Club-un 2019-cı il yanvarın 16-da “Hyatt Regency Baku”da təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Tədbirin əvvəlində  “Cahan Tobacco International ” şirkətinin və “Antaris” MMC-in nümayəndələri təqdimatlarla cıxış ediblər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev çıxış edib. Qonaq "ASAN xidmət" mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ülvi Mehdiyev bildirib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır. Agentlik sədri qeyd edib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərində hazırda 11 dövlət orqanı, özəl şirkət, müəsissələr tərəfindən ümumilikdə 320-ə yaxın xidmət göstərilir.

Tədbir Caspian European Club-un Dövlət Agentliyi (“ASAN xidmət”) ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.

Biznes-forumda Ülvi Mehdiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni və hazırkı üzvlərinə də sertifikatlar verilib.

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

 

Bütün xəbərlər