“Türk Hava Yolları” uçuş coğrafiyasını genişləndirir

16:35 - 29.01.2019


29 yanvar, Fineko/abc.az. Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin avqustun 21-dən etibarən İstanbul-Mexiko-Kankun (Meksika) marşrutu üzrə yeni reys açacaq.

TK181 saylı aviareys üzrə uçuşlar aviaşirkətin yeni “Boeing 787-9” təyyarəsi ilə həftədə 3 dəfə yerinə yetiriləcək.

İstanbul-Mexiko marşrutu və əks istiqamət üzrə uçuşlar dünyanın ən böyük hava limanı sayılan İstanbulun yeni aeroportundan həyata keçiriləcək. Sözügedən aeroport gələcəkdə 200 milyonadək sərnişin qəbul etməyə imkan verəcək.

Bundan başqa, 2019-cu ildə “Türk Hava Yolları” aviaşirkəti 6 yeni istiqamət üzrə uçuşlar həyata keçirəcək: Mərakeş (Mərakeş), Şarja (BƏƏ), Port-Sudan (Sudan), Bali (İndoneziya), Luksor (Misir) və Rovaniemi (Finlandiya).

Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları” Fritaun (Syerra-Leone), Səmərqənd (Özbəkistan), Aqaba (İordaniya), Krasnodar (Rusiya), Morona (Ekvador), Banjul (Qambiya) və Lusaka (Zambiya) şəhərlərinə yeni aviareyslər açıb.

 

Bütün xəbərlər