Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun AHK Azərbaycan üzvləri ilə görüşü keçirilib

10:36 - 8.02.2019


8 fevral, Fineko/abc.az. 7 fevral 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün bu ilin ilk AHK-İmpuls tədbirini təşkil edib.

Cari tədbirin əsas mövzusu Azərbaycanda miqrasiya xidmətləri sahəsində davam etdirilən islahatlara və son yeniliklərə həsr olunub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov “Azərbaycanda miqrasiya sahəsində islahatların həyata keçirilməsi” adlı təqdimat ilə çıxış edib.

Miqrasiya sahəsində aparılan əsas islahatlar haqqında məlumat verən cənab Hüseynov xidmətlərin şəffaflığının təmin edilməsinin önəmini qeyd edib. Cənab Hüseynov, həmçinin iş icazəsinin alınması ilə bağlı prosedurların təkmilləşdirildiyini və özəl sektorun məmnunluğunun təmin edilməsi məqsədilə elektron xidmətlərin sayının artırıldığını bildirib. O cümlədən, qeyd olunub ki, sahibkarların fəaliyyətinin və əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi istifadəyə verilib və miqrasiya xidmətləri ilə bağlı prosedurların ən son vəziyyəti ilə bağlı məlumatın əldə edilməsini təmin etmək üçün elektron izləmənin tətbiqi həyata keçirilib.

Özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyini vurğulayan Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə iş adamları ilə keçirilən görüşlərin sayının artırıldığını qeyd edib.

Çıxışının sonunda cənab Hüseynov təşkil olunan bu cür tədbirlərin sahibkarlarla əməkdaşlığa xüsusi töhfə verdiyini vurğulayıb.

AHK Azərbaycan üzvlərinin miqrasiya xidmətləri ilə bağlı sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra Ekvita MMC şirkətinin təsisçisi və direktoru cənab İlqar Mehti “10 il ərzində Azərbaycanda miqrasiya qanunlarının tətbiqi” mövzusunda təqdimat keçirib.

Tədbir nahar yeməyi ilə yekunlaşıb.

 

Bütün xəbərlər