KOBİA və Azərbaycan Sənaye Korporasiyası arasında əməkdaşlıq genişlənir

10:38 - 11.03.2019


11 mart, Fineko/abc.az. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda Konfrans keçirilib.

Tədbirdə KOBİA və ASK-nın nümayəndələri, eləcə də korporasiyada təmsil olunan müəssisələrin rəhbərləri iştirak ediblər.

Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.

Tədbirdə ASK-da təmsil olunan müəssisələr fəaliyyətləri barədə danışıb, istehsal, satışın təşkili, ixrac, həmçinin kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və ASK-a arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, müəssisələri maraqlandıran suallar cavablandırılıb.   

Konfrans çərçivəsində KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə imzalayıblar. Memoranduma əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

 

Bütün xəbərlər