Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Beynəlxalq Dəniz Təşkilatının 30 Assambleyasının sessiyasında iştirak edəcək

12:04 - 24.11.2017


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr – 06 dekabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının 30 – cu Assambleyasının sessiyasında iştirak edəcək. Assambleya Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil – qərargahında keçiriləcək.

İclasda Assambleyanın prezidentinin və vitse-prezidentlərinin seçilməsi, etimadnamə komitəsinin və digər komitələrin yaradılması, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017 – ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Eyni zamanda, iclasda dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017 – ci ilin 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı hesabatın dinlənilməsi, bununla yanaşı 2017 – ci ildə keçirilən digər audit  yoxlamaların nəticələrinə dair məlumatların verilməsi, BMT – nin nüfuzlu orqani olan Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatının dinlənilməsi,

Beynəlxalq Dəniz Təşkilatının təlim – tədris mərkəzlərinin hesabatlarının dinlənilməsi, 2016 və 2017 – ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatların verilməsi, 2017 – ci ildə dənizdə xüsusi cəsarətə görə fərqlənmiş dənizçiyə “Dənizdə Xüsusi Cəsarətə görə” Beynəlxalq Dəniz Təşkilatının Mükafatının təqdim edilməsi nəzərdə tutulur.