“Azərsu” Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb

15:36 - 14.03.2019


14 mart, Fineko/abc.az. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Ötən müddətdə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Növbəti mərhələdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində, o cümlədən Xəzər rayonunun kənd və qəsəbələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Xəzər rayonunda icra olunan layihələr Mərdəkan, Buzovna, Qala, Şüvəlan, Türkan və Binə qəsəbələrini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.

Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 9,8 kilometr uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Şağan qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 3,8 kilometr uzunluğunda yeni su şəbəkəsi yaradılacaq.

Binə qəsəbəsinin Südçülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 kilometr su xətlərinin tikintisi nəzərdə tutulur.

Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 kilometrdən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.

Qeyd edək ki, hazırda “Azərsu” ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minədək abonentə xidmət göstərir.

Bütün xəbərlər