ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açdı

10:05 - 27.11.2017


Bakı Ali Neft Məktəbinin (BANM) may ayının 1-də Prezident İlham Əliyev tərəfindən açılan kampusunda daha bir transmilli şirkətin Təlim Mərkəzinin açılış mərasimi oldu.

Tədbirdə SOCAR, ABB, Britaniya səfirliyi, ALE Heavylift, Aggreko, Avanteq Ltd, Eigen, Expro Group, Glacier Energy Services Ltd, Fluor, International Oilfield Supply Company, Shawcor UK Ltd, WorleyParsons, DIT London və digər şirkətlərin nümayəndələri iştirak edib.

Tədbiri öz çıxışı ilə ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov açıb, qonaqları salamlayaraq BANM və ABB şirkətinin əməkdaşlığından, eləcə də ABB-nin Azərbaycandakı fəaliyətindən danışıb.

Daha sonra  Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edib, iki ölkə arasında təhsil sahəsində yaranmış davamlı münasibətlərdən danışaraq BANM və Heriot-Vatt universitetlərinin mühəndis hazırlığı üzrə birgə əməkdaşlıqlarının buna ən gözəl nümunə olduğunu bildirib.

Tədbirdə həmçinin SOCAR-ın Geologiya  və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov çıxış edib və BANM-in Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan ən uğurlu addım olduğunu bildirərək SOCAR ailəsinin BANM-lə fəxr etdiyini bildirib.

BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov Ali Məktəbin rektoru adından qonaqları salamlayıb, BANM-in fəaliyyəti haqda qısa məruzə edib və ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımova BANM-ə verdiyi önəm və burada təhsilin dəstəyi üçün əvəzsiz köməyi üçün dərin təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissərinin sonunda Rüstəm Qasımov və xanım səfir Kerol Krofts BANM-in 15 tələbəsini ABB şirkətində keçdikləri təcrübəyə görə setifikatla təltif ediblər.

Daha sonra qonaqlar ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzini gəzərək burada yaradılan şəraitlə tanış olublar. Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması nəzərdə tutulub.