“Market Analysis Azerbaijan 2019” nəşri təqdim olunub

11:29 - 9.04.2019


9 aprel, Fineko/abc.az. 9 aprel 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) “Market Analysis Azerbaijan 2019” adlı yeni nəşrinin rəsmi təqdimatını keçirib. Nəşr AHK Azərbaycan tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Ekskluziv tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq qurumların təmsilçiləri, nəşrə öz bəyanatları ilə töhfə verən Alman və Azərbaycan şirkətlərinin direktorları və baş menecerləri, o cümlədən mətbuat nümayəndələri iştirak edib.

Tədbir AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavini xanım Andrea Sühlün salamlama nitqi ilə açılıb. Xanım Sühl bu layihəni yüksək dəyərləndirdiyini bildirib və Almaniya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edən bu kimi işlərin davam etdirilməsində Almaniya Səfirliyinin dəstəyini vurğulayıb. Layihə haqqında qısa məlumat verən cənab Baumann nəşrə öz dəyərli bəyanatları ilə dəstək verən şirkətlərə təşəkkürünü bildirib. O, həmçinin bu uğurlu əməkdaşlığa görə GTAI təşkilatına öz minnətdarlığını bildirib və Almaniya ilə Azərbaycan arasında məlumat mübadiləsini artıran birgə yeni layihələrin keçirilməsinə dair nikbinliyini ifadə edib.

Daha sonra nəşrdə təhlil olunan sənaye sahələrinə dair əsas məqamlar AHK Azərbaycanın Bazarın Təhlili və Kommunikasiya şöbəsinin rəhbəri xanım Nigar Bayramlı tərəfindən təqdim olunub. Nəşrin təqdimatından sonra müzakirələrin keçirilməsi və AHK Azərbaycanın üzvləri və dostları arasında biznes əlaqələrinin yaradılması məqsədilə Sual və Cavab sessiyası keçirilib.

Nəşr haqqında

“Market Analysis Azerbaijan 2019” nəşri Azərbaycan iqtisadiyyatının 14 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hal-hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumat təqdim edir. Biznes sektorlarında hal-hazırkı inkişaf istiqamətləri nələrdir? Bazarda hansı pozitiv trendlər mövcuddur? Müxtəlif sahələrdə hansı imkanlar mövcuddur? - Nəşr bu kimi suallara cavab verir və Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır. Həmçinin, nəşrə aparıcı Alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək vəzifəli nümayəndələrinin ölkədəki biznes mühitinin qiymətləndirilməsi, o cümlədən şirkətləri və layihələri ilə bağlı mövcud vəziyyətə dair bəyanatları daxildir.

İngilis və Azərbaycan dilində yayımlanan nəşri AHK Azərbaycanın veb səhifəsindən aşağıdakı link vasitəsilə ödənişsiz olaraq yükləmək mümkündür: https://www.ahk-baku.de/az/bazar-haqqinda-mlumat/nsrlr/ahk-azrbaycan-nsrlri/market-analysis-azerbaijan-2019/


Bütün xəbərlər