İşçi ilə əmək müqaviləsi bağlamayan hüquqi şəxslər 25 min manatadək cərimələnəcək

15:00 - 18.04.2019


18 aprel, Fineko/abc.az. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək cərimə edilir.

Əmək müqaviləsi bildirişi olmadan 10 və daha çox işçi cəlb edilibsə, bu zaman Cinayət Məcəlləsinin tələblərinə müraciət edilir. Vergiödəyicisində eyni əməllər təkrar törədildikdə isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Vergi yoxlamaları zamanı isə tətbiq edilən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bütün xəbərlər