330x110
 

Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

26.04.2019,10:29


26 aprel, Fineko/abc.az. Aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini, həmçinin iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirdi.

Çinin dövlət başçısı hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırdı.