Azərbaycandan olan film "Golden Fox Awards" mükafatının nominantı oldu

11:49 - 30.11.2017


5-6 dekabr 2017-ci ildə Kəlküttə şəhərində “Calcutta International Cult Film Festival 2017” beynəlxalq kinofestivalının “Golden Fox Awards” mükafatına təqdim edilən film-nominantların nümayişi keçiriləcək ki, onların içərisində rejissor Murad Əbiyevin "Dəniz suyu içən it" filmi də vardır ki, bu film “Qadın haqqında ən yaxşı film” kateqoriyasında nominasiya olunmuşdur.

"Dəniz suyu içən it" qısametrajlı bədii filmi “NərimanFilm” kinostudiyasının bazası əsasında çəkilmişdir. Filmin ssenari müəllifi Lalə Əliyeva-Klıçkova, quruluşçu operator - Kirill Gerra, prodüsserlər - Nəriman  Məmmədov və Lalə Əliyeva-Klıçkovadır. Rollarda: Natavan Hacıyeva və Azər Aydəmir çəkilmişdir. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Honda adlı it çəkilişlərə cəlb olunmuşdur.

Film, sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü və çarəsizlik yaşayan qadın kimsəsiz çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir.

Filmin çəkilişlərinin 2017-ci ilin avqust ayında bitməsinə baxmayaraq, o artıq “Boğaziçi Film Festival” (Türkiyə), Sankt-Peterburqdakı SOBITİYE – 2017 və “Green Vision” festivallarında qeydə alınmış, həmçinin ABŞ-ın Malibu şəhərində qapalı nümayişi həyata keçirilmişdir. Baş rolun ifaçısı Natavan Hacıyeva “Women's Only Entertainment Film Festival”da “Xarici kino sənətinin ən yaxşı aktrisası” adına layiq görülmüşdür.

Qeyd edək ki, bu il Azərbaycan müxtəlif kateqoriyalarda iki filmlə festivalda təmsil olunur.

http://www.imdb.com/title/tt7292342

http://www.hlc-cicff.com/2017-golden-fox-award-nominees/

 


Bütün xəbərlər