Vergilər Nazirliyi taksi xidmətləri və ƏDV ilə bağlı vəziyyətə aydınlıq gətirdi

11:51 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. KİV-də ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumat yayılıb. Bununla bağlı Vergilər Nazirlyi bildirir ki, Azərbaycandakı qeyri-rezidentlər vergi ödəyiciləri tərəfindən göstərilən taksi xidməti ƏDV-siz xidmətdir, bu kimi xidmətin göstərilməsinə görə dəyərə ƏDV daxil deyil.

“1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur”, - məlumatda belə deyilir.

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir.

Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.

Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişin daşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur.