Beynəlxalq Valyuta Fondunun və Liberiyanın Peynesvil şəhərinin nümayəndə heyətləri “Təmiz Şəhər” ASC-də olublar

13:50 - 27.06.2019


25 iyun, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı missiyasının rəhbəri Natalya Tamirisanın və Liberiyanın Peynesvil şəhər meri Pem Belçer-Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın tullantıların idarə olunması sahəsində təcrübəsi ilə tanış olmaq üçün “Təmiz Şəhər” ASC-də olublar.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qonaqlara Azərbaycanda tullantıların idarə olunması sahəsində görülən işlər haqqında məlumat verib. Bildirilib ki, müasir ekoloji tələblərə cavab verən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 4-cü nəsil texnologiyalarla inşa edilib. Müəssisə il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizə, 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalini  elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, bütün sanitar normalara uyğun olan poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən birgə reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və ərazidə əkilən 11 mindən çox ağacın suvarılmasında istifadə olunur. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və poliqonun daxili ehtiyacları üçün istifadə olunur.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ilə tanış olan qonaqlara məlumat verilib ki, alman texnologiyaları ilə inşa edilən müəssisə il ərzində 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar plastik, PET, kağız, sellofan, şüşə və s. materiallara çeşidlənməklə təkrar emal müəssisələrinə göndərilir.

Nümayəndə heyətləri ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkında da olublar. Qonaqlara məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkında qeydiyyata alınmış və layihələrinin investisiya dəyəri 41,5 milyon manat təşkil edən 17 rezidentdən 8-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınaraq Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 680-ə çatdırılması nəzərdə tutulur.

Qonaqlar “Təmiz Şəhər” ASC-nin fəaliyyətini, zavodların işini yüksək qiymətləndiriblər. Peynesvil şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti tullantıların idarəolunması sahəsində Azərbaycan təcrübəsinin Liberiyada tətbiqinin faydalı olacağını vurğulayıb.


Bütün xəbərlər