Dekabrın sonunda İranda Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası keçiriləcək

11:17 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Dekabr ayının sonunda Astarada (İran) Azərbaycan və İran arasında  iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə arasında görüş keçirilib.

“Qarşılıqlı maraq kəsb edən bir sira məsələlər üzrə fikir mübadiləsi aparılıb. “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə  yerinə yetirilən işlər və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi müzakirə olunub”, - məlumatda belə deyilir.

Görüş zamanı Pirallahı Sənaye Parkında inşa edilən Azərbaycan-İran birgə əczaçılıq zavodu və Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb.