SOCAR və Petrofac birgə müəssisə yaradırlar

12:45 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Birgə müəssisə, neftçilər üçün müasir proqram təminatı əsasında təlim və tədris üzrə mükəmməl xidmətlər nəzərdə tutur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məlumatında deyilir ki, tərəflər "SOCAR-Petrofac" BM-nin təqdimatı mərasimində Təsis Müqaviləsini imzaladılar.

“Petrofac”ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran  bildirib: "Birgə müəssisədə SOCAR-ın səhm payı 51%, “Petrofac” şirkətinin payı isə 49% nisbətində müəyyən edilmişdir. Birgə müəssisənin yaradılmasında məqsəd, hər iki şirkətin imkanları hesabına neftçilərin bacarıq və biliklərinin inkişafına dəstək verməkdir.  Yeni şirkət, Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək".

SOCAR-ın məlumatına görə, təlimlərin təşkilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunacaq.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti Xalik Məmmədov öz çıxışında, “Petrofac” şirkəti ilə BM-nin yaradılmasının çox mühüm  addım olduğunu bildirib.

“Təlim və tədris sahəsində xidmətlər göstərən dünya şöhrətli “Petrofac” şirkəti ilə əməkdaşlığın qurulmasının həm SOCAR, həm də ölkə sənayesi üçün uğurlu və faydalı olacağına inanırıq. BM-nin fəaliyyəti milli kadrların hazırlanmasına, gələcəkdə isə regionun kadr potensialının yüksəldiləməsinə yönəldiləcək”, - deyə Xalik Məmmədov bildirib.