Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak edir

13:23 - 5.12.2017


5  dekabr, Fineko/abc.az. Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsi keçirilir.

Azərbaycanın XİN-nin məlumatında deyildiyi kimi, Elmar Məmmədyarov Xəzərin statusu üzrə konvensiya layihəsinin  razılaşdırılması üçün maksimum səy göstərməyi təklif edib.

“Elmar Məmmədyarov hesab edir ki, Xəzəryanı ölkələr Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə konvensiya layihəsinə dair mühüm iş yerinə yetiriblər. Öz çıxışında nazir qeyd edib ki, ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görülüb”, - məlumatda belə deyilir.

Onun sözlərinə görə, yüksək səviyyəli beştərəfli görüşlər gedişatında  qəbul edilmiş qərarlar və əldə edilmiş razılaşmalar bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinə təkan vermiş, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün  əhəmiyyət kəsb etmişdir.

Bundan başqa, Elmar Məmmədyarov Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsinin  zəruriliyini bildirdi.