Rüfət Məmmədov: Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

14:47 - 11.07.2019


11 iyul, Fineko/abc.az. Bu gün Batumidə “Şərq tərəfdaşlığı” üzrə birinci investisiya forumu keçirilir.

Forumda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki: “Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə kifayət qədər investisiya yatırır. Bu investisyaların həcmi 20 milyard dollardan çoxdur. Biz, həmçinin “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadiyyatlarına da sərmayə qoyuruq. Azərbaycan proqrama üzv 4 tərəfdaş ölkəyə 3,5 milyard dollardan çox investisiya yatırıb”.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin enerji təhlkəsizliyində çox əhəmiyyətli və strateji rol oynayır. Cənub Qaz Dəhlizinin inkişafı ilə Azərbaycanın əhəmiyyətli rolu daha da artacaq. Nəqliyyat sahəsi də digər mühüm əməkdaşlıq sahəsidir. Azərbaycan Türkiyə və Gürcüstanla birgə Bakı-Tbilisi-Qars layihəsini həyata keçirir. Bu layihə beynəlxalq nəqliyyat dəhlizlərinin çox əhəmiyyətli hissəsidir.

Azərbaycan və Aİ arasındakı ticari-iqtisadi əlaqələrdən danışan R.Məmmədov deyib: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda Aİ-yə üzv ölkələrin 1600-dən çox şirkəti uğurla fəaliyyət göstərir. Azərbaycanla Avropa İttifaqına üzv ölkələrin biznes sektorları arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakıda birgə biznes forumlar təşkil olunur. Builki foruma biznes sektoru təmsil edən 1000-dən çox iştirakçı qatılıb. Biznes forumlar Azərbaycan və Avropa ölkələri arasında ticarət və investisiyaları stimullaşdırır”.

Bütün xəbərlər