Maliyyə Nazirliyi bir sıra təşkilatları və vəzifəli şəxsləri cərimələyib

12:21 - 28.08.2019


28 avqust, Fineko/abc.az. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən bu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlikdən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda aparılmış yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.

Bütün xəbərlər