SİMA rəqəmsal imzası ilə TuranBank-da əmanət yerləşdirmək indi daha rahat!

05.05.2022,15:09


5 may, Fineko abc.az. Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən TuranBank ASC rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir.

Belə ki, Bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA ilə tərəfdaşlığa başlayaraq yeni nəsil rəqəmsal imzanın mobilbank əlavəsinə inteqrasiya prosesini reallaşdırmışdır.

Tərəfdaşlığa əsasən müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə TuranBank-da əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi mümkündür.

Məlumat üçün bildirək ki, TuranBank mobil əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır. TuranBank mobil əlavəsini qeyd olunan keçidə daxil olaraq yükləyə bilərsiniz: https://www.turanbank.az/en/pages/21/174

Məlumat üçün qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə gələcəkdə TuranBank-da digər məhsullardan da istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

SİMA rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ   və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...

 

Açar sözlər: TuranBank