Ekspert: Aqrar sığortanın təbii fəlakətlər zamanı çox köməyi olacaq

14:49 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. Dünən gecə saatlarından başlayan güclü yağış Goranboyda ciddi fəsadlar yaradıb. Belə ki, Gorançayda su artaraq ətrafdakı əkin sahələrinə, ticarət obyektlərinə dolmasına səbəb olub. Nəticədə rayon ərazisində fermer təsərrüfatlarına, Goranboy rayonunda fəaliyyət göstərən avtomobil təmiri sexinə ciddi ziyan dəyib.

Təbiət hadisəsi təkcə Goranboya deyil, eyni zamanda Tərtər, Naftalan və Bərdənin kəndlərinə avtomobillərin gediş-gəlişində çətinlik yaradıb.

Təbii ki, belə hadisələr zaman-zaman olur.

Bəs görəsən belə təbiət hadisələrinin fəsadlarından necə qorunmaq olar?

Bu sualı sığorta eksperti İlkin İbrahimova ünvanladıq. İ. İbrahimov Abc.az-a hələ bir neçə həftə əvvəl həm sosial şəbəkə, həm də mətbuat vasitəsilə əvvəlki illərin təcrübəsinə əsaslanaraq sığorta eksperti kimi, bütün ölkə vətəndaşlarına müraciət etdiyini vurğuladı. Sığorta eksperti suala cavabında bildirib ki, insanlar mümkün qədər əmlaklarını ( həm daşınar, həm daşınmaz) sığortalamalıdır.

O fikrini belə əsaslandırdı: “Adətən ölkəmiz üçün xarakterik olan payız mövsümündə təbii fəlakətlər meydana gəlir. Dövlətimiz fəsadların aradan qaldırılması ilə bağlı tədbirlər görsə də, bu yetərincə deyil. Digər tərəfdən də dövlət sığortanı stimullaşdırır, gərək vətəndaşlar da əllərini daşın altına qoyub, cüzi sığorta məbləğini ödəyərək öz risklərini sığortalasınlar. 2020-ci ildən könüllü olaraq istifadə olunacaq aqrar sığorta bu yöndə çox vacibdir. Sexlər, ticarət obyektləri və digərlərinin sığortalanmasını birbaşa vətəndaş etdiyindən, ziyanını da ən çox onlar çəkəcək. Əvvəllər sığorta sahəsində vətəndaşı müdafiə edəcək hüquqşünaslar demək olar ki, çox az idi. Lakin hazırda bu işlə bağlı az da olsa işləyənlər var. Ona görə də məsləhət görürəm ki, insanlar əsas sığortalasın, sonrasına köməklik etmək hüquqşünasların işidir”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər