Azərbaycanda avtobus istehsalına başlanılacaq

14:03 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Gəncə Avtomobil Zavodu gələn ildən etibarən avtobusların istehsalına start verəcək.

Zavoddan  ABC.AZ İnformasiya Agentliyinə xəbər verildi ki,  2018-ci ildə  müəssisədə, sifarişlər əsasında “KAMAZ”, “URAL”, “MAZ” avtomobillərinin, həmçinin “Belarus” traktorlarının  yığılması  davam etdiriləcək.

Həmçinin gələn ildən etibarən avtobusların yığılması planlaşdırılır.  Bununla bağlı artıq müəssisənin xidmət və marketinq bölməsində tədqiqatlar aparılır.

GAZ-dan bildirildi: “İstehsal xətlərinin sıxlığı nəzərə alınaraq avtobus istehsalı üçün 30 min kvadrat metr sahəsi olan yeni istehsalat sahəsi yaradılır. Burada ən müasir avadanlıqla təchiz olunan texnoloji xətlər quraşdırılacaq”.

Zavod rəhbərliyinin sözlərinə görə, gələn il buraxılacaq avtobuslar, “MAZ” markasına aid olacaq. Gəncə Avtomobil Zavodu  eksperimental olaraq artıq 2 ədəd “MAZ” avtobusu istehsal edib.