“Forma 4”-ün elektron qaydada verilməsi niyə gecikdirilir?

16:48 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Avtomobillərin qəzası zamanı Dövlət Yol Polisi İdarəsindən (DYPİ) alınan “Forma 4”-ün elektron qaydada veriləcəyi ilə bağlı artıq uzun zamandır xəbərlər verilsə də, sözügedən proses hələ də həll olunmamış qalır. Nəzərə alsaq ki, “Forma 4”-ün elektron qaydada veriləcəyi yayın əvvəllərində bəyan edilib, o zaman sözügedən məsələ indiyənə kimi artıq tətbiq olunmalıydı. “Forma 4”-ün tətbiq olunacağı xəbərini qüvvətləndirən amillərdən biri də iyunun 28-də Bakıda keçirilmiş Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Beynəlxalq Sığorta Forumunda  çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışovun dilə gətirməsi idi. Palata rəsmisi ilə yanaşı İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun da yaxın vaxtlarda “Forma 4” elektron formada tətbiq olunacaq deməsi insanları daha da sevindirmişdi. Hər iki rəsminin sözügedən məsələ barədə açıqlama verməsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq “Forma 4”-ün köhnə qayda ilə DYPİ tərəfindən sürücülərə verilməsi davam edir. 

Bəs görəsən “Forma 4”-ün tətbiqi bu qədərmi çətin prosesdirki belə gecikir?

Bu suala cavab tapmaq üçün İcbari Sığorta Bürosunun Mətbuat Katibi Nərmin  Rəhimovaya müraciət etdik. O, isə ABC.AZ saytına açıqlamasında qısaca olaraq bildirdi ki, “Forma 4”-ün tətbiqinə artıq İcbari Sığorta Bürosunun sistemində başlanılıb: “Sadəcə olaraq prosesə şirkətlər bir-bir qoşulmalıdır. O proses gedir. Yəni bizim qurum tərəfindən iş həll olunub”.

Qeyd edək ki, avtomobil qəzası zamanı sığorta hadisəsinin baş verməsini araşdıran səbəb olduqda, sığorta şirkəti bu barədə DYPİ-nə sorğu göndərməlidir. Və hadisənin olması, rəsmiləşdirilməsi ilə bağlı məlumatı (Forma 4) DYP-nin şöbəsi 10 gün ərzində sığorta şirkətinə göndərməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər