AHK Azərbaycan Alman nümayəndə heyəti ilə B2B görüşləri təşkil edib

18:28 - 24.09.2019


24 sentyabr, Fineko/abc.az.  24 sentyabr 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) COMMIT  Project Partners GmbH təşkilatı ilə sıx əməkdaşlığı çərçivəsində alman şirkətlərindən ibarət nümayəndə heyəti ilə B2B görüşləri keçirilib. Almaniya Azərbaycan arasındakı iqtisadi əlaqələrin dinamik inkişafı istiqamətində növbəti addım olaraq, Alman iş adamlarından ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikası İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə Azərbaycana səfər edib.

Dörd günlük biznes səfərinin ilk günü bank sektoru, sənaye təchizatı və xidmətləri, texniki və elektrik  sınaq avadanlıqları, təhlükəsizlik və nəzarət sistemləri və digər sahələrdə fəaliyyət göstərən Almaniya və Azərbaycan iş adamları arasında B2B görüşləri baş tutub. Bayerische Landesbank (BayernLB), Hans Lehnard CEPT GmbH, Noble Products International GmbH, Kaeser Kompressoren SE, PT Plastic Technologie GmbH, Securemen GmbH, Seba Dynatronic Mess- und Ortungstechnik GmbH yerli şirkətlərlə mövcud əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün müzakirələrdə yaxından iştirak ediblər.

Alman nümayəndə heyətinin gündəliyində qarşıdakı üç gün ərzində Azərbaycan hökumətinin və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, eləcə də yerli özəl şirkətlərin rəhbərləri ilə üzbəüz görüşlər nəzərdə tutulub.

Bundan əlavə, biznes səfəri çərçivəsində, 27 sentyabr 2019-cu il tarixində, Hyatt İclas və Konfrans Mərkəzində baş tutacaq Sənaye və İnfrastrukturun Modernləşdirilməsi üzrə ənənəvi Alman-Azərbaycan Biznes Forumunda Alman şirkətlərinin iştirakı gözlənilir.

Nümayəndə heyətinin səfəri 28 sentyabr 2019-cu ildə başa çatacaqdır.

Bütün xəbərlər