İcbari avtomobil sığortası üzrə yığımlarda yenə də artım var – Palata

10:26 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatda qeyd olunur ki, vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və ya 0.9 mln. manat), həm də icbari sığorta növlərində (7% və ya 8 mln. manat) artım müşahidə edilib.

Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və ya 8.8 mln. manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və ya 4.8 mln.manat artım) üzrə olub.
Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayveri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3 mln. manat artım) və daşınmaz əmlakın icbari sığortası (24% və ya 4.9 mln. manat artım) növüdür. İcbari avtomobil sığortası üzrə artım sığorta müqavilələrinin elektronlaşdırılması və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan avtonəqliyyat vasitələrinin artması (təxmini 2 dəfə) ilə əlaqədardır.
Həyat sığortası üzrə könüllü sığorta növlərinin bəzilərində azalma olsa da, sığorta sektorunun iqtisadi-sosial əhəmiyyət daşıyan növlərindən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 14% (3.9 mln. manat) artım olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər