İpoteka kreditlərinin verilməsi dayandırılıb? – Müsahibə

16:16 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az. Bir müddətdir ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinin dayandığı barədə ictimaiyyət arasında söhbətlər dolaşırdı. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna sorğu göndərdik.

Fonddan ABC.AZ saytına verilən müsahibəni təqdim edirik.

İpoteka kreditləri ilə bağlı ictimaiyyət arasında bəzi fikirlər dolaşır. Bəziləri ipotekanın dayandırıldığını iddia edir. Deyilənlər nə dərəcədə həqiqiətə uyğundur?

Bildiyiniz kimi, Azərbaycan əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən etibarən ipoteka kreditləşməsi sisteminin tətbiqinə başlanılıb. 2006-2019-cu illərdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,33 mlrd. manat təşkil edib, bu kreditlər hesabına 27000-ə yaxın ailə öz yaşayış şəratini yaxşılaşdırmaq imkanı əldə edib.

Nəzərinizə çatdırırıq ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir.

Qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, hər ilin əvvəlində həm adi, həm də güzəştli ipoteka kreditləri üzrə Fond tərəfindən müvəkkil banklara limitlər ayrılır. Cari il üzrə də ipoteka kreditlərinin verilməsi üçün banklara limitlərin ayrılması təmin edilib. Ayrılmış limitlər çərçivəsində 2019-cu il ərzində müvəkkil banklar tərəfindən 117,0 mln. manat məbləğində ipoteka kreditləri verilib. İlin sonunadək ipoteka kreditlərinin verilməsi davam etdiriləcək. 

Əlavə olaraq qeyd etmək lazımdır ki, 2019-cu ildə dövlət büdcəsindən güzəştli ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə ayrılmış vəsaitin 40 mln. manat məbləğində hissəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsinə yönəldilib və hazırda bu mənzillərin alınmasına güzəştli ipoteka kreditlərinin verilməsi də uğurla davam etdirilir.

Həm güzəştli, həm də adi ipoteka kreditləri əlverişli şərtlərlə verildiyi üçün hazırda bu kreditlərə yüksək tələb müşahidə olunur.

Bildiririk ki, Fond tərəfindən dövri olaraq ipoteka bazarında formalaşmış tələb öyrənilir və ipoteka kreditləşməsinin davamlılğının təmin edilməsi məqsədilə cəlbetmə imkanları çərçivəsində əlavə limitlərin ayrılması məsələsinə baxılır.

 

Yaxın gələcəkdə ipoteka kreditləşməsinin şərtlərində hər hansı dəyişiklik ola bilərmi?

 

Qeyd etmək istəyirik ki, ipoteka kreditləşməsi əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi daima diqqət mərkəzindədir. İpoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, kreditləşmə prosesinin avtomatlaşdırılması məqsədilə Fond və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi şəkildə ardıcıl tədbirlər həyata keçirilir.

Məlumat üçün bildirmək istəyirik ki, ötən dövrlər ərzində ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması, güzəştli ipoteka krediti almaq istəyən şəxslərin dairəsinin genişləndirilməsi, ilkin ödənişi qənaətbəxş səviyyədə olmayan vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinə zəmanət mexanizminin tətbiqi, regionlarda ipoteka kreditlərinin stimullaşdırılması üçün gəlir və xərclərin təhlilində fərqli yanaşmanın tətbiqi, ödəniş qabiliyyəti pisləşmiş borcalanların hüquqlarının qorunması üçün restrukturizasiya mexanizminin yaradılması və bu kimi bir sıra əhamiyyətli dəyişikliklər edilib.

Qeyd olunanlarla bağlı Fond tərəfindən dövri olaraq əhalinin ehtiyacları, ipoteka kreditləşməsində mövcud çətinliklər, eləcə də qabaqcıl dünya ölkələrinin bu sahədə təcrübələri dərindən öyrənilir və ölkə xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Gələcəkdə də zərurət yaranacağı hallarda Fond tərəfindən sistemin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər davam etdiriləcək.

 

İddia olunur ki, Azərbaycandakı ipoteka kreditlərinin şərtləri qonşu ölkələrlə müqayisədə daha sərtdir. Bu fikrə münasibətiniz?

 

Sualınızla bağlı qeyd etmək istəyirik ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına həm güzəştli (illik 4%), həm də adi ipoteka kreditləri (8%) çox əlverişli faiz dərəcələri ilə verilir.

Qeyd olunduğu kimi, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. Güzəştli ipoteka kreditləri ilə yanaşı adi ipoteka kreditləri üzrə aşağı faiz dərəcələrinin və əhali üçün məqbulluğun saxlanılmasında bu sahəyə göstərilən dövlətin dəstəyinin rolunu xüsusilə vurğulamaq lazımdır.

Əlavə olaraq qeyd etmək istəyirik ki, son illərdə ipoteka kreditləşməsi sahəsində yaranmış sağlam rəqabət nəticəsində müvəkkil banklar tərəfindən əhaliyə daha aşağı faizlərlə ipoteka kreditləri təklif olunmaqdadır və bunun nəticəsində adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin 8% olmasına baxmayaraq, 2017-2019-cu illərdə verilmiş adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,3 % təşkil edib.

Qeyd etmək lazımdır ki, ipoteka kreditləşməsinin daha çox inkişaf etdiyi qonşu ölkələrdə Azərbaycanla müqayisədə ipoteka kreditləri üzrə faiz dərəcələri daha yüksəkdir. Belə ki, Rusiyada ipoteka kreditləri üzrə faiz dərəcələri 9-10%, Qazaxıstanda 12-14%, Türkiyədə isə 12% təşkil edir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər