Gəncə-Qazax rayonunda 33 sahibkara 538 min manat güzəştli kredit verilib

15:29 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az. Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Samuxda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3800-dək iş yerinin yaradılmasına imkan yaratdığını bildirib. Bu müddətdə verilən güzəştli kreditlərin 65 %-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Bu kreditlərin 74,4%-i aqrar sektorun, 25,6 %-i sənaye və digər sahələrin inkişafına yönəldilib.

Qeyd olunur ki, forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq.

 

Bütün xəbərlər