“Nə qədər ki, məmur-biznes söhbəti var Azərbaycanda inhisarçılıq ləğv olan deyil” - Vahid Əhmədov

30.10.2019,12:36


30 oktyabr, Fineko/abc.az. “Nə qədər məmur, oliqarx, biznes söhbəti varsa Azərbaycanda inhisarçılıq ləğv olan deyil. Biz birinci onu ləğv etməliyik. Sən məmursansa, sən gedib məmurluqla məşğul olursan, icra orqanında təmsil olunursan, maaşını alıb dolanmalısan. Yox bizneslə məşğul olmalısansa istefa verib, gedib bizneslə məşğul olmalısan”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “İctimai TV”-nin “Diqqət Mərkəzi – Yekun” proqramında deyib.

Millət vəkili uzun illərdir qəbul oluna bilməyən “Rəqabət Məcəlləsi”ndən də danışaraq, sözügedən sənədin qəbul olunmasına mane olanların olduğunu dilə gətirib: “17 ildir Milli Məclisdə “Rəqabət Məcəlləsi”ni qəbul edə bilmirik. Deməli 10 il bundan əvvəl biz onu Milli Məclisin Plenar iclasına çıxartmışdıq. İki oxunuşda onu qəbul elədik. Üçüncü oxunuşa onu çıxartmadılar. İclasa çıxartmağa qoymadılar. Hər Milli Məclisin sessiyası başlayanda mən bu məsələni qaldırıram. Mətbuatda da qaldırıram ki, gəlin rəqabət məcəlləsini qəbul edək. O, məmurlar ki, o oliqarxlar ki, o insanlar ki, bu gün inhisarçılıqla məşğuldur, onlar o məcəlləni qəbul etməyə qoymurlar. Prezident inhisarçılıqla, “Rəqabət Məcəlləsi”ni 2019-2020-ci illərin “Starteji Yol Xəritəsi”-nə saldı. Yəni biz yəqin ki, bu il olmasa da, gələn il sözügedən məcəlləni qəbul edəcəyik”.

Müəllif: Elmir Murad