Azərbaycanda sığorta vergi məlumatlandırma sistemi daxil edilir

16:26 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Ölkələr arasında vergi ilə bağlı məlumatlandırma  Azərbaycanda, xüsusilə  sığorta sahəsində də tətbiq ediləcək.

Sığorta eksperti Mustafa Abbasbəylinin bildirdiyinə əsasən, ölkənin  “Sığorta fəaliyyəti haqqında” Qanununa  və “Vergilər Məcəlləsi”nə  müvafiq dəyişiklik edilib.

“Yeni tələblər,  həyatın yığım sığortasına, xüsusilə, yığılmış vəsaitlərin yatırım qismində istifadə edilməsinə şamil olunur. Yeni tələblərə əsasən, yerli sığorta şirkətləri xarici müştərilərin gəlirləri ilə bağlı həmin ölkədəki müvafiq orqana məlumat verəcək”, - deyə M.Abbasbəyli bildirib.

Onun sözlərinə görə, yeni tələblər  Azərbaycanda xarici şirkətlərdə çalışan xarici işçilərə şamil edilmir, çünki onlar yerli vergi ödəyicisidirlər. Yeni tələblər yalnız Azərbaycana yatırım məqsədi ilə gələn xarici vətəndaşlara aiddir”.

Ekspert hesab edir ki, analoji tələblər xaricdə yatırım edən Azərbaycan vətəndaşları barəsində də tətbiq edilə bilər.

“Əgər vergi məlumatlandırma sistemi Azərbaycanda tətbiq ediləcəksə, o zaman, bu sistemi digər ölkələrdə yatırım edən Azərbaycan vətəndaşları barəsində də tətbiq etmək mümkündür”, - M.Abbasbəyli belə deyib.

 

 

Bütün xəbərlər