Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub

16:53 - 19.12.2017


19 dekabr, Fineko/abc.az.  Bu gün Bakıda  Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin iştirakı ilə Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.

Təməlqoyma mərasimində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur.

“Biznes Mərkəzi əməkdaşlıq üçün yeni impuls olacaq”, - Ə.Həsənov belə deyib.

“Biznes mərkəzi ölkələr, o cümlədən müxtəlif regionlar arasında ticarət və iqtisadi əlaqələri gücləndirməyə xidmət edəcək.  Həştərxanda Azərbaycan Biznes Mərkəzinin yaradılması həmçinin logistika qovşağının yaradılması və iş adamları arasında əlaqələrin genişləndirilməsinə təkan verəcək”, - deyə A.Jilkin bildirib.

Həştərxan Biznes Mərkəzinin ümumi sahəsi 5 min kvadrat metr təşkil edir. Mərkəz beş mərtəbədən ibarət olmaqla ticarət sərgilərinin və konfransların keçirilməsi üçün şərait yaradılacaq çoxfunksiyalı bir bina olacaq. Mərkəzdə həmçinin mini otel, ofis otaqları və fitnes salonu fəaliyyət göstərəcək.

 

Bütün xəbərlər