Sığorta bazarının göstəriciləri açıqlandı - Yanvar-oktyabr ayları üçün

12:25 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının göstəriciləri açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 225.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb. Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 mln. manat, icbari növlərində isə 7% və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir.

Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər