Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Bakı Bəyannaməsini imzaladılar

15:11 - 20.12.2017


20 dekabr, Fineko/abc.az. Bakıda Azərbaycan,Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü yekunlaşdı.  Nazirlər üçtərəfli görüşün yekununda bəyannamə imzaladılar.

Görüş əsnasında üç ölkənin nazirləri əvvəlki görüşlər nəticəsində imzalanmış bəyannamələri müzakirə etdilər, xüsusilə də iqtisadi artım və inkişafa təsir göstərə biləcək sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini qeyd edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğuladılar.

Həmçinin nazirlər ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək, investisiya və ticarətin təşviqi üçün, mövcud potensialın istifadəsi sahəsində, o cümlədən,  energetika, nəqliyyat, bank, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə proqramlar və layihələr həyata keçirmək barədə razılığa gəldilər. Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin  əhəmiyyətini qeyd etdilər.

Nazirlər, növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsinə dair razılığa gəldilər.

 

 

Bütün xəbərlər