Azərbaycanla Rusiya arasında yükdaşımaların həcmi açıqlanıb - Artım var

11:28 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanov "Rusiya Dəmir Yolları" ASC-nin idarə heyətinin yekun iclasındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, "Rusiya Dəmir Yolları" ASC dəmir yolları şirkətlərinin dünya üçlüyünə daxildir. C.Qurbanov buna sübut kimi Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9.200 kilometrlik Trans-Sibir magistral yolunu xatırladıb. Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur deyən C.Qurbanov bildirib ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.

C.Qurbanov, həmçinin Trans-Sibir magistralının potensialı ilə BTQ-nin "Şərq-Qərb" formatındakı imkanları arasında sinergiya layihəsi haqqında danışıb, bu layihə ilə bağlı hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığını bildirib. Onun sözlərinə görə, tərəflərin birgə fəaliyyəti hər iki ölkənin dəmir yollarında tranzit daşımalarının ciddi artımına, nəqliyyat və logistika infranstrukturundan səmərəli istifadəyə səbəb olacaq.

Müəllif: Elmir Murad