Mənzilini satanlar üçün yenilik - Daha az vergi ödəyəcəklər

11:04 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Yanvarın 1-dən etibarən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılıb.

Bu haqda müddəalar Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə  imzaladığı fərman "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda əksini tapıb.

ABC.AZ xəbər verir ki, Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunub.

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər