Fond çökən sistemlə bağlı iddialara cavab verdi - Elektron sistem bulud texnologiyaları üzərində qurulub

10:53 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvarın 22-də satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə başlanmış elektron müraciətlərin qəbulu prosesində çətinliklər yaranmış və sistem çökmüşdü. Bundan sonra bəzi xəbər portalları və sosial şəbəkələrdə sözügedən sistemin qurulması üçün 9 milyon manat vəsaitin xərclənməsinbə baxmayaraq, layihənin uğursuz olduğu xəbəri yayılmışdı.

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondu daha bir açıqlama yayaraaq bildirib ki, “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb, “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir. Elektron sistem təkcə əhalinin müraciətlərinin qəbulunu və qiymətləndirilməsini deyil, ümumilikdə fond ilə müvəkkil təşkilatlar arasında aparılan maliyyə əməliyyatlarının və rəsmi yazışmaların avtomatlaşdırılmasını da təmin edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər