Azərbaycan 27 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib – 1 ildə

14:51 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. 2019-cu il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin yanvar ayı üçün yeni sayında qeyd olunub. “İxrac İcmalı”nda bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,9 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. Bu 2018-ci illə müqayisədə 70 faiz çoxdur.

Qeyd edək ki, “Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malaziya, BƏƏ və digərləridir.

 


Bütün xəbərlər