330x110
 

Azərbaycanda xanım sahibkarlara daha bir dəstək - Texniki avadanlıqlar veriləcək

03.02.2020,11:13


3 fevral, Fineko/abc.az. Azərbaycanda 2021-ci ilin sonunadək 200-ə yaxın xanıma texniki dəstək göstəriləcək.

ABC.AZ xəbər verir ki, bunu bu gün Bakıda keçirilən tədbirdə "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova jurnalistlərə açıqlamasında deyib.

O göstəriləcək dəstəyin detallarına toxunaraq bildirib ki, 200-ə yaxın xanıma kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətlərini davam etdirmələri üçün müəyyən texniki avadanlıqla təmin olunacaqlar, həmçinin onlar üçün təlimlər də təşkil ediləcək.

L. Məmmədovanın sözlərinə görə, sözügedən məsələ ilə bağlı 2019-cu ildən etibarən ASC-nin əməkdaşları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə rayonlarda səfərlərdə olublar: "Bu səfərlər zamanı 500-dən artıq xanımla görüşlər keçirilib. Görüşlərdə toplanan müraciətlərə əsasən müəyyən qrup xanımların sahələri dəyərləndirilib. Bunun nəticəsində, xanımların ən çox hansı sahədə məhsul istehsalına ehtiyac olduqları və bunun üçün hansı vəsaitlərin lazım olduqları araşdırılıb. Bu il sözügedən işlər davam etdiriləcək”.

Müəllif: Elmir Murad