Əbülfəs Qarayev: Azərbaycanın otellərində qiymətlər 50 manat – 1000 manatdan yuxarı həddədir

13:40 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yerli otellərin qiymət siyasətini dəstəkləyir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm  naziri Əbülfəs Qarayev qeyd edib ki,  otellərin əksəriyyətində Yeni İl üçün yerlər artıq bronlaşdırılıb.

“Azərbaycan vətəndaşlarının əksəriyyəti bayramı ölkədə keçirməyi qərara alıb. Bunun üçün də yerlərdə konsert proqramları və əyləncələrin təşkilinə xüsusi önəm verilir”, - nazir belə deyib.

Onun sözlərinə görə, yerli otellərin qiymətləri dünya üzrə otellərin qiymətləri ilə müqayisədə yüksək deyil.

“Hotellərdə bayram ərəfəsində və həftəsonlarında qiymətlərın artması beynəlxalq təcrübədən irəli gəlir. Ancaq bu da ölkəmizdə digərləri ilə müqayisədə qiymətlər daha yüksək olması demək deyil. Hazırda Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olublar. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində də 1000 manatdan bahadır”, - deyə nazir bildirib.