Bazarda oxşar tipli məhsulların qiyməti bizimkilərdən xeyli dərəcədə aşağıdır - "AzerGold" QSC-nin sədri

11:42 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Azərbaycan 2017-ci ildən etibarən, 3 il ərzində, 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüş satışından, ümumilikdə, ölkə iqtisadiyyatına 399,3 mln. manat həcmində vəsait cəlb edib.

ABC.AZ xəbər verir ki, sahibkarlarla görüşdə "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov deyib.

Sədr bildirib ki, bu əməliyyatlar nəticəsində ölkə büdcəsinə 30,6 mln. manatdan artıq vergi və rüsumlar ödənilib (bundan 3,8 mln. manat Dövlət Sosial Müdafiə Fonduna, 26,8 mln. manat isə vergi şəklində ödənilib). 

Onun sözlərinə görə, hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır: “Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir.

 Məhsullarımız müvafiq keyfiyyət sertifikatı ilə təmin edilir ki, bu da alıcıların hüquqlarının Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin olmaması fonunda etibarlı təminatı kimi çıxış edir. Lakin məmulatlarımızın Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə xammal üzrə gömrük rüsumu ödənilməsə belə, təəssüflə qeyd etməliyəm ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan nəzərəçarpacaq dərəcədə aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin əsas iki səbəbi ola bilər: Bazar iştirakçılarının məhsulları alternativ yollarla (yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s.) satışa çıxarması  və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər