Həkimlər bəzən müayinə və müalicəni düzgün aparmır - Dövlət Agentliyinin direktoru

11:51 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Sığorta olunanların özlərinin tibbi kabineti olacaq.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Z.Əliyev bildirib ki, Agentlik hazırda bütün xəstəxanalarda idarə etmə sistemini qurub və orada vətəndaşlar üçün şəxsi kabinet yaradılıb.

Agentlik sədri şəxsi kabinetlərin funksiyalarına toxunaraq onun detallarını açıqlayıb: “Xəstəxanalara müraciət edən vətəndaşa orada göstərilən xidmətlərin hamısı onun şəxsi kabinetində yerləşdiriləcək. Vətəndaş my.gov.az portalında qeydiyyatdan keçərək ona hansı tarixdə diaqnoz qoyulduğunu, hansı tarixdə xəstəxanaya getdiyi görəcək. Şəxsi kabinetdə çoxlu imkanlar var ki, ondan istifadə olunacaq. Gələcəkdə bu telefonlarda yaradılacaq ki, vətəndaşlar orada da baxa bilsin. Bunun özəlliyi odur ki, vətəndaş xəstəxanaya getmədən verdiyi analizin cavabını öz telefonundakı şəxsi kabinetində görə biləcək. Bildiyiniz kimi bu çox böyük sosial layihədir. Əlbəttə ki, əhalinin bunu mənimsəməsi üçün müddət lazımdır. Ona görə də medianın üzərinə çox böyük iş düşür ki, insanları bu istiqamətdə maarifləndirsin. Bəli problemlərimiz var. Həkim məntəqələri var ki, orada şərait yaxşı deyil, avadanlıq çatışmazlıqları var və ya həkimlər bəzən müayinə və müalicəni düzgün aparmır. Amma bunların aradan qaldırılması vaxt çəkəcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər