Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir – Ekspertdən etiraz

17:21 - 2.03.2020


2 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iqtisadçı-ekspert Samir Əliyev əmanətlərin tam sığortalanması müddətinin başa çatması ilə bağlı narahatlığından yazıb.

ABC.AZ xəbər verir ki, ekspert bildirib ki, əmanətlərin tam sığortalanması qərarı məhz 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi.

Onun sözlərinə görə, qərar çox düzgün idi. Ola bilsin bu gün hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasna qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar: “Mərkəzi Bankın son məlumatına görə, fevralın 1-i vəziyyətinə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır. Bu əmanətlərin 75,6%-i qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyillər. Əmanətlərin 34%-i cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an banklardan geri çəkilə bilər və bankları çökdürər. Təəssüf ki, Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir, saytında ümumiyyətlə heç bir statistik məlumat yerləşdirmir. Biz bilmirik ki, məsələn, əmanətlərin hansı hissəsi 30 min, 50 min, 100 min manata qədərdir. Bu və digər məlumatlar olarsa real vəziyyəti daha dəqiq qiymətləndirmək olar. Əslində suallar çoxdur. Milyonluq əmanətlərin payı nə qədərdir? Və ya sabah hökumət müddəti uzatmasa əmanətçilərin, xüsusilə “yüzmünlik”, “milyonluq” əmanətçilərin davranışı necə olacaq?

Bütün bunları nəzərə alaraq hökumət əmanətlərin tam sığortalanması müddətini daha bir il uzatmalıdır. Ola bilsin erkən parlament seçkiləri də hökumətin qərarına neqativ təsir edib. Çünki texniki baxımdan yeni parlament işə başlamayınca müddəti uzatmaqla bağlı qərar vermək mümkün deyil. Ancaq layihə hazırdırsa, ilk iclasda qərar vermək olar. Bunun üçün hökumət müddətin uzadılması ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamalıdır ki, əhali narahatlıq keçirməsin. Əgər müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik etməlidir. Ən azı kompesasiya məbləğini 100 min manata qədər artırmalıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər