Kestututis Yankauskas: “Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxşı və dinamik əlaqələr yeni səviyyəyə yüksələ bilər”

16:08 - 29.12.2017


Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə Caspian Energy jurnalının nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan, Xəzər regionu ölkələri və Avropa İttifaqı arasında Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində informasiya məkanının genişlənməsi perspektivlərinə toxunulub.

Kestutis Yankauskas bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların və iqtisadiyyatın diversifikasiyasının Aİ üçün olduqca vacib olduğunu bildirib. O həmçinin Caspian European Club və Caspian Energy-nin informasiya fəaliyyətindən məmnunluğunu ifadə edib və Şərq Tərəfdaşlığı ölkələri – məhz Gürcüstan, Ukrayna, Moldova çərçivəsində informasiya fəaliyyət sahəsinin daha fəal şəkildə genişlənməsinin zəruriliyini qeyd edib.

İkitərəfli əlaqələrdən bəhs edən Aİ-nin yeni təyin olunmuş səfiri qeyd edib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və onun işə məhz bu siyasətin güclənməsi və həmin əlaqələrin gələcək inkişafı üçün imkanların yaradıldığı bir vaxtda başlaması sevindirici haldır. “Bunun üçün səylərimi əsirgəməyəcəyəm”, - deyə Kestutis Yankauskas deyib.

Cənub Qaz Dəhlizi layihəsinin strateji zəruriliyini vurğulayan Aİ-nin Azərbaycandakı rəhbəri qeyd edib ki, Avropa İttifaqı onun başa çatmasını səbirsizliklə gözləyir. “Bu layihə Aİ-nin enerji resurslarının divesifikasiyası sahəsində yürütdüyü siyasətə tamamilə uyğundur. O, Avropanı alterativ marşrut vasitəsilə alternativ enerji mənbələrindən təbii qazla təmin edir ki, bu da geniş təqdir olunur”, - deyə o söyləyib.

Alternativ enerji mənbələri mövzusuna toxunan Kestutis Yankauskas “yaşıl” enerji sahəsi Avropa İttifaqının prioritetlərindən biri olduğunu qeyd edib. “Aİ-nin hazırda dəstək göstərdiyi layihələrdən biri Bakı limanının yaşıl limana çevrilməsinə yardım etməkdir”, - deyə o çıxışına davam edib.

Səfir həmçinin noyabrda baş tutmuş Şərq Əməkdaşlığı Sammitinin nəticələrindən danışaraq, Avropa İttifaqında Azərbaycanın qeyd edilən prioritetlərinə anlayışın artdığını vurğulayıb. “Hazırda biz əlaqələri qarşılıqlı praqmatik maraqlar əsasında inkişaf etdiririk. Aİ Azərbaycanın sabit, təhlükəsiz, çoxmədəniyyətli, tolerant və çiçəklənən ölkə, rabitəni və alternativ enerji resurslarını təmin edən regional hab kimi qalmasında maraqlıdır. Azərbaycan da öz növbəsində Aİ ilə siyasi əlaqələrin inkişafında, öz məhsulları üçün sabit, nəhəng və etibarlı bazarın olmasında, müasir idarəetmə üsullarında və mütərəqqi islahat modellərində maraqlıdır”, - deyə səfir deyib.

“Aİ Azərbaycanda Avropa İttifaqının dəyər və prinsiplərinə qarşı anlayışın artmasını gözləyir. Həmin münasibətlərin başqa səviyyədə inkişafı üçün məkan var. Bu işə hər iki tərəf  öz töhvəsini verməlidir”, - deyə K.Yankauskas çıxışına yekun vurub.

Görüşün sonunda səfir Kestutis Yankauskas Caspian Energy jurnalına eksklüziv müsahibə verərək, iki ölkə arasındakı qarşılıqlı əlaqələrə və onların siyasi, iqtisadi potensialına toxunan bütün aspektlərdən ətraflı bəhs edib.

Bütün xəbərlər